Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir
Paris, 5 oktyabr, AZƏRTAC
Fransanın iqtisadiyyat naziri Roland Lekür hökumətin 2027-ci il büdcə layihəsini qəbul etdirmək üçün bütün mümkün vasitələrdən istifadə edə biləcəyini deyib. Bununla belə, nazir büdcənin parlamentdə müzakirə olunaraq, səsvermə yolu ilə qəbul ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Fransa hökuməti 2027-ci il büdcə layihəsini təqdim edib. Layihənin əsas məqsədi bir sıra qənaət tədbirləri, o cümlədən pensiyalarla bağlı xərclərin azaldılması hesabına dövlət maliyyəsinin vəziyyətini yaxşılaşdırmaqdır. Sənəd siyasi müxalifətin ciddi etirazı ilə qarşılaşıb və gələn həftə Milli Assambleyanın Maliyyə Komissiyasında müzakirəyə çıxarılacaq.
R.Lekür LCI telekanalına müsahibəsində büdcənin fərmanlarla həyata keçirilməsi ehtimalına da toxunub. O, hökumətin sərəncamında “bütün vasitələrin” olduğunu desə də, büdcə layihəsinin parlamentdə müzakirə edilməsini və qəbul olunmasını istədiyini bildirib.
Nazir hökumətin dövlət büdcəsi kəsirini 5 faizdən aşağı salmaq məqsədini bir daha təsdiqləyib. “Reallıq budur ki, təxminən 2 min düzəlişi müzakirə etməli olacağıq və onların hamısına baxacağıq. Bizim yeganə istiqamətimiz 5 faizdir”, – deyə Roland Lekür bildirib.
O, 5 faiz göstəricinin hökumət üçün əsas hədd olduğunu vurğulayaraq, büdcə müzakirələrinin məsuliyyətli şəkildə aparılmasına çağırıb.
Hökumətin parlamentdə çoxluğu yoxdur
Fransa hökumətinin Milli Assambleyada mütləq çoxluğa malik olmaması büdcə layihəsinin qəbulunu çətinləşdirə bilər. Bu vəziyyətdə Baş nazir Sebastyan Lökornü Konstitusiyanın 49.3-cü maddəsinə müraciət edə bilər.
Bu maddə hökumətə müəyyən qanun layihəsini səsverməyə çıxarmadan qəbul etdirmək imkanı verir. Lakin bunun qarşısını almaq üçün parlamentdə etimadsızlıq səsverməsi keçirilməli və hökumət əleyhinə qətnamə qəbul edilməlidir.
Mövcud siyasi vəziyyətdə belə bir prosedurun hökumətin siyasi mövqeyinə ciddi təsir göstərəcəyi bildirilir. Roland Lekür isə 49.3-cü maddədən istifadə ehtimalını istisna etməyib, lakin, ilk növbədə, parlament müzakirəsinə üstünlük verdiyini açıqlayıb.
Büdcənin parlamentdə qəbul edilməsi ilə bağlı dalana dirənmə yaranacağı təqdirdə hökumətin büdcəni səsvermə olmadan ilkin formada həyata keçirmək üçün fərmanlardan istifadə etməsi də mümkün variant kimi nəzərdən keçirilir.
Bu üsulun tətbiqi Beşinci Respublika tarixində büdcə məsələsində yeni presedent yarada bilər.
2027-ci il büdcə layihəsi qarşıdakı günlərdə Milli Assambleyanın Maliyyə Komissiyasında müzakirə ediləcək. Hökumət isə dövlət kəsirinin 5 faiz səviyyəsində saxlanılması məqsədini qoruyub saxlamaqda israrlıdır.