“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Bu gün ölkəmiz üçün, əsasən sənayemiz üçün çox önəmli bir hadisədir. Prezident İlham Əliyevin iştirakı ilə zavodumuzun açılışı baş tutub.
Bunu AZƏRTAC-a açıqlaması zamanı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin baş direktoru Fərid Əliyev deyib.
Onun sözlərinə görə, zavod çox böyük istehsal gücünə malikdir.
“Təkcə rəqəmləri sadalasaq kifayət edir: 17 min kvadratmetr qapalı sahə, 60 milyon qutu illik istehsal gücü, o cümlədən 2,5 milyard tablet və kapsul. Amma bunlardan daha önəmlisi bu zavodun ən müasir, qabaqcıl, dünya standartlarına uyğun fəaliyyət göstərməsidir. Çünki dərmanlarda əsas önəmli parametr keyfiyyətdir və eyni zamanda, əlçatanlıqdır. Yəni, keyfiyyət baxımından ən yüksək standartlara cavab verəcək, əlçatanlıq baxımından da yerli istehsal olduğu üçün qiymətlər də münasib olacaq. Əhali üçün həm əlçatan, həm effektiv, keyfiyyətli, təhlükəsiz dərmanların istehsalı baş verəcək”, - deyə Fərid Əliyev qeyd edib.
Baş direktor vurğulayıb ki, əsas hədəf ölkədaxili tələbatı qarşılamaqdır: “Lakin ixrac da nəzərdə tutulur. İxrac əsasən ilkin mərhələdə yaxın ölkələrə, o cümlədən Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiyaya planlaşdırılır. Ümumiyyətlə, dərman çeşidi olduqca genişdir. Hazırda 20 dərmanla başlamağımız planlaşdırılır. Lakin gələn il 60 dərman, ondan sonrakı 5 il isə 500-dən çox dərman çeşidi olacaq. Dərman çeşidi dedikdə yəni müxtəlif xəstəliklər - kardiologiya, nevrologiya, urologiya, qastroenterologiya, diabetologiyaya aid dərmanlar, həmçinin ağrıkəsicilər, antibiotiklər istehsal olunacaq. Zavod tam fəaliyyətə başladıqdan sonra burada 178 nəfərin çalışması nəzərdə tutulur. Çalışırıq ki, onların əksəriyyəti yerli kadrlardan ibarət olsun. Eyni zamanda, Qarabağ Universiteti, Azərbaycan Tibb Universiteti və əczaçılıq ixtisası üzrə kadr hazırlayan digər ali təhsil müəssisələri ilə anlaşma memorandumlarımız var. Bu razılaşmalara əsasən, müəssisəmiz həmin ali məktəblər üçün tədris-təcrübə bazası kimi fəaliyyət göstərəcək. Həmin universitetlərdən ən yaxşı tələbələrin istehsalata cəlb olunması, eləcə də elmi-tədqiqat və laboratoriya istiqamətində maraq göstərən məzunların işlə təmin edilməsi nəzərdə tutulur”.
Video - Şövqi Əzizov