NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə İncəsənət fakültəsinin “Təsviri incəsənət müəllimliyi” və “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrinin müəllim əməyinə həsr olunmuş 45 bədii əsərdən ibarət sərgisinə baxış keçirilib. Sərgidə tələbələrin yaradıcılıq nümunələri nümayiş etdirilib.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
NDU-nun rektoru Elbrus İsayev professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor müəllimlik peşəsinin cəmiyyətin inkişafında, savadlı və vətənpərvər gənc nəslin formalaşmasında mühüm rolunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi yüksək dəyərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor dövlətin təhsilə göstərdiyi diqqət və qayğının Naxçıvan Dövlət Universitetinin inkişafında da özünü göstərdiyini bildirib.
Rektor bu diqqətin davamı olaraq universitet əməkdaşlarının əməkhaqlarının 15 faiz artırılmasının nəzərdə tutulduğunu da qeyd edib. Bildirib ki, bu addım universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsinə və onların əməyinə verilən dəyərin ifadəsinə xidmət edir.
Tədbirdə pedaqogika elmləri doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, professor İsmayıl Əliyev, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hacıfəxrəddin Səfərli və “Avropa dilləri” kafedrasının baş müəllimi Kövsər Abbasova çıxış ediblər. Çıxışlarda müəllimlik fəaliyyətinin ənənələri, təhsil və elmin inkişafında pedaqoqların rolu, gənc nəslin yetişdirilməsində müəllim məsuliyyəti və müəllim əməyinə göstərilən dövlət qayğısından bəhs olunub.
Müxbir- Nail Əsgərov