Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq
Bakı, 5 oktyabr, AZƏRTAC
XXI Bakı Caz Festivalı çərçivəsində Fransanın “FR33 ROOTS” caz kollektivinin çıxışı uğurla olub. Festivalın qonaqları azərbaycanlı caz ifaçılarının möhtəşəm çıxışından sonra “Elektra Events Hall” zalının səhnəsinə çıxaraq gecəni rəngarəng proqramla davam etdiriblər.
AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı “FR33 ROOTS” kollektivinin üzvləri Linli Mart (bas-gitara), Samuel Appapule (klavişli alətlər) və Deodato Sikvayr bildiriblər ki, Bakı Caz Festivalının bir hissəsi olmaqdan və xüsusilə də festivalın açılışında çıxış etməkdən çox məmnundular.
“Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlıq etməyi sevirik. Azərbaycanda özümüzü çox rahat hiss edirik və burada, Bakı Caz Festivalında çıxış etməkdən həqiqətən məmnunuq”, – deyə musiqiçilər qeyd ediblər.

Qrupun lideri L.Mart artıq dəfələrlə Azərbaycana gəldiyini və azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini vurğulayıb. S.Appapule və D.Sikvayr isə səhnəyə çıxmazdan əvvəl həyəcan keçirmələrinə baxmayaraq, möhtəşəm konsert proqramı təqdim etməyə və tamaşaçıları sevindirməyə tam hazır olduqlarını bildiriblər.
XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakı şəhərində, eləcə də paytaxtdan kənarda keçirilir. Bu il festivalda 10-dən çox ölkədən sənətçilər iştirak edirlər. Caz həvəskarlarını rəngarəng konsertlər, film nümayişi və cem-seyşnlar gözləyir. Festivalın son iki günü açıq havada – İçərişəhərdə, “Qız qalası”nın yaxınlığında keçiriləcək. Açıq havada keçiriləcək konsertlərə giriş sərbəstdir.
Müəllif – Anara Axundova