Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir
Bakı, 13 oktyabr, AZƏRTAC
Süni intellekt kibertəhlükəsizlik sahəsində paradoksal vəziyyət yaradır: bir tərəfdən, minlərlə proqram təminatı zəifliyinin aşkarlanmasını sürətləndirir, digər tərəfdən isə proqramlaşdırma zamanı yeni təhlükəsizlik boşluqlarının yaranmasına və hücumçuların texniki imkanlarının artmasına səbəb olur. Belə bir şəraitdə kibertəhlükəsizlik mütəxəssislərinin rolu zəiflikləri tapmaqdan daha çox onların yaratdığı real riskləri düzgün qiymətləndirmək, təhlükələri vaxtında aşkar etmək və operativ qərarlar qəbul etmək istiqamətində dəyişir.
Bu barədə AZƏRTAC-a açıqlamasında kibertəhlükəsizlik və süni intellekt idarəetməsi üzrə ekspert Tural Məmmədov bildirib.
Ekspert qeyd edib ki, son aylarda baş verən bir neçə hadisə süni intellektin kibertəhlükəsizlik sahəsinə təsirinin miqyasını aydın göstərir. Məsələn, “Oracle” şirkəti təhlükəsizlik yeniləməsi çərçivəsində 1400-dən çox zəifliyi aradan qaldırıb. Bu zəifliklərin böyük hissəsinin aşkarlanmasında süni intellekt texnologiyalarının rol oynadığı bildirilir. Digər tərəfdən, “Theori” şirkətinin süni intellekt vasitəsilə hazırlanmış 28 tətbiq üzərində apardığı araşdırma nəticəsində istismar oluna bilən 434 zəiflik aşkar edilib. Bu, süni intellektin proqram təminatındakı təhlükəsizlik boşluqlarını aşkarlamaqla yanaşı, proqramlaşdırma zamanı yeni boşluqların yaranmasına da səbəb olduğunu göstərir.
Bəs bu proses kibertəhlükəsizlik mütəxəssislərinin fəaliyyətinə necə təsir göstərir?
T.Məmmədovun sözlərinə görə, “GitHub” ictimai “Bug Bounty” proqramında kritik zəifliklərə görə mükafatı 10 min dollara endirib. “Intel” isə təhlükəsizlik boşluqlarını aşkarlayanlara pul mükafatı verilməsini dayandırıb. Bu qərarlar süni intellektin təhlükəsizlik araşdırmalarını sürətləndirməsi ilə əlaqələndirilir. Artıq süni intellekt vasitəsilə aşkarlanan boşluqların sayı o qədər artır ki, şirkətlər tapılan zəifliklərə görə ödənişləri ya minimuma endirir, ya da ümumiyyətlə ödəniş etməkdən imtina edirlər.
Ekspert diqqətə çatdırıb ki, əvvəllər “ağ şapkalı” hakerlər təhlükəsizlik boşluqlarını aşkar edərək gəlir əldə etməkdə maraqlı idilər. Bu yanaşma, eyni zamanda, aşkar edilmiş boşluqların aradan qaldırılmasını və ümumi təhlükəsizliyin möhkəmləndirilməsini təşviq edirdi. Beləliklə, mükafat mexanizmi təhlükəsizliyin gücləndirilməsinə ictimai töhfəni stimullaşdırırdı.
Hazırda ödənişlərin azaldılması və ya ləğvi təhlükəsizlik boşluqlarının aşkarlanmasına marağı zəiflədə bilər. Bunun nəticəsində həmin boşluqlar aradan qaldırılmadan daha uzun müddət mövcud qala və ümumi kibertəhlükəsizlik üçün təhdid yarada bilər.
T.Məmmədov vurğulayıb ki, süni intellektin sahəyə təsiri yalnız zəifliklərin aşkarlanması ilə məhdudlaşmır. “OpenAI” şirkətinin “ChatGPT” agentlərində aşkarlanan “AgentForger” zəifliyi hücumçuya təşkilat daxilində gizli fəaliyyət göstərən və uzaqdan idarə olunan süni intellekt agenti yaratmağa imkan verirdi. Şirkət bu yaxınlarda həmin boşluğu aradan qaldırdığını bəyan edib.
Ekspertin diqqət çəkdiyi digər mühüm hadisə isə “OpenAI” şirkətinin “Astra” modeli ilə bağlıdır. Modelin yüksək səviyyəli avtonom kibertəhlükəsizlik imkanları nümayiş etdirməsi nəticəsində şirkət gücləndirilmiş təhlükəsizlik tələblərinə uyğun olmayan bəzi daxili fəaliyyətləri dayandırıb.
Ekspertin fikrincə, bütün bunlar kibertəhlükəsizlik sahəsində yeni reallıq formalaşdırır. Süni intellekt zəifliklərin aşkarlanmasını sürətləndirməklə yanaşı, hücumçuların texniki imkanlarını da artırır. Nəticədə zəifliyin aşkarlanması ilə onun istismarı arasındakı vaxt daralır, təhlükəsizlik komandalarının müdaxiləsi isə daha kritik əhəmiyyət kəsb edir.
T.Məmmədov “CrowdStrike” şirkətinin hesabatına da diqqət çəkərək bildirib ki, hücumların təxminən 79 faizi zərərli proqramlardan istifadə edilmədən həyata keçirilir. Bu reallıq müasir Təhlükəsizlik Əməliyyatları Mərkəzlərindən müxtəlif mənbələrdən əldə olunan məlumatları əlaqələndirməyi, şəbəkə və istifadəçi davranışlarını təhlil etməyi, şübhəli fəaliyyətləri isə daha erkən mərhələdə aşkarlamağı tələb edir.
“Məncə, süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyacı aradan qaldırmır. Əksinə, onların işinin xarakterini dəyişir. Artıq əsas üstünlük daha çox zəiflik tapmaqda deyil, həmin zəifliklərin real riskini düzgün qiymətləndirməkdə, təhlükəni vaxtında aşkar etməkdə və daha sürətli qərar verməkdə olacaq”, – deyə ekspert bildirib.