Naxçıvanda bərbər ixtisası üzrə peşə kursu keçən müdavimlər əməyin mühafizəsi ilə bağlı maarifləndiriliblər
Bakı, 14 oktyabr, AZƏRTAC
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirmə təlimi keçirilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, bərbər ixtisası üzrə peşə kursu keçən müdavimlər üçün təşkil edilən təlim “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın, elektrik təhlükəsizliyi, istehsalatda bədbəxt hadisələr və ilk yardım” mövzusuna həsr olunub.
Təlimdə 1 təlimçi və 22 müdavim olmaqla ümumilikdə 23 nəfər iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın düzgün və operativ şəkildə göstərilməsi barədə məlumat verilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.