ELM VƏ TƏHSİL
“Elm aylığı” elmi tədqiqatların keyfiyyətini daha da artıracaq
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ənənəvi “Elm aylığı”na başlanılıb.
AZƏRTAC xəbər verir ki, “Elm aylığı”nın ilk günündə rektor, professor Ədalət Muradov elm günlərinin universitetdə elmi tədqiqatların keyfiyyətinin daha da artırılması istiqamətində əhəmiyyətli olacağını söyləyib.
Bildirilib ki, məqsəd elmi tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, müəllim və tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaqdır.
Qeyd edilib ki, UNEC-də bu istiqamətdə mühüm addımlar atılır, nailiyyətlər əldə olunur. Universitetdə ixtisas sahələri üzrə beş tədqiqat mərkəzi yaradılıb. Burada Avropa, eləcə də İslam iqtisadiyyatı üzrə araşdırmalar aparılır. Eyni zamanda, Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur, elmi müzakirələr keçirilir. Rektor UNEC-də elmi nəşrlərin sayının son üç ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrin isə 3,6 dəfə artdığını vurğulayıb.
Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Stratejı Yol Xəritəsi - elm-təhsil-innovasiya formatına keçid: dünya təcrübəsi və UNEC-də tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Elmi-tədqiqat universitetinin vəzifələrindən danışan professor həmin ali məktəblərin əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsinin dayandığını qeyd edib.
Tədbirdə UNEC-də elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində təkliflər səsləndirilib. Bildirilib ki, universitetdə pedaqoji heyətlə tədqiqatçı alimlərin fəaliyyət istiqamətləri ayrılacaq.