SİYASƏT
Elman Nəsirov: Azərbaycan Prezidentinin verdiyi tövsiyələr dövlətimizin qarşısında duran növbəti strateji vəzifələri müəyyənləşdirir
Bakı, 28 yanvar, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin etməsi ilə bağlı videoformatda keçirilən qəbul zamanı səsləndirdiyi fikirlər, mülahizələr və tövsiyələr xüsusi aktuallıq və əhəmiyyət kəsb edir, dövlətimizin qarşısında duran növbəti strateji vəzifələri müəyyənləşdirir. Bu vəzifələr, ilk növbədə, işğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də Qafqazın incisi Şuşa şəhərinin bərpası, yenidən qurulması və dirçəldilməsi məsələlərini özündə ehtiva edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərini azad olunması müharibənin taleyini həll etdi. Ermənistan məhz bundan sonra kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə bölgədə yeni tarixi reallıqlar fonunda ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də strateji əhəmiyyətli Şuşa şəhərinin bərpası və yenidən qurulması mərhələsinə başlanılıb. Bu prosesdə təkcə hərbi deyil, mülki idarəetmə məsələləri də ön plana çıxıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya məsələləri komissiyasının katibi, siyasi elmlər doktoru Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, yanvarın 19-da dövlətimizin başçısı işğaldan azad olunan ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yaradılması ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələrək, ilk olaraq məhz Şuşa şəhərinə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi təqdirəlayiq hadisədir: “Bu proses, ilk növbədə, Şuşanın tarixi, mədəni və dini irsinin bərpası, infrastrukturunun yenidən qurulması, festivallar, konsertlər və sərgilərin, xüsusilə bu il ərzində Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalının təşkili, dünyanın müxtəlif ölkələrində bu şəhərin tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatların keçirilməsi, həm Azərbaycan ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin quruculuq işlərinin gedişi ilə bağlı məlumatlandırılması məsələlərini özündə ehtiva edir. Xüsusilə, prosesin beynəlxalq vektoru və uğurlu nəticələri təkcə mədəni deyil, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Artıq bu istiqamətdə ilk uğurlu addımlar atılmaqdadır”, - deyən siyasi elmlər doktoru diqqətə çatdırıb ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik dövlətimizin başçısına Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı təklif verəcəklərini deyib. Bu günə qədər Azərbaycanın iki şəhəri - Bakı və Naxçıvan bu şərəfli ada layiq görülüb. Prezident İlham Əliyevin vurğuladığı kimi, belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur. Artıq Türk Şurasının bu istiqamətdə da analoji addım atmaq niyyəti bəllidir.
“Prezident İlham Əliyev Şuşa şəhərinin öz əzəli siması və ruhunu qoruyaraq, dünyanın ən gözəl şəhərləri arasında layiqli yer tutacağına və böyük bir müsəlman arealının mədəniyyət paytaxtı statusunu şərəflə daşıyacağına əmindir. Müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq, həmin torpaqların, xüsusilə də, təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmalı və bu taleyüklü prosesə konkret töhfələr verməliyik”, - deyə E.Nəsirov vurğulayıb.