ELM VƏ TƏHSİL
“Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyası ətrafında müzakirələr aparılıb
Bakı, 2 avqust, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında əməkdaş Raqif İsmayılov “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyası” mövzusunda məruzəni təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəçi sistemin yaradılmasının məqsəd və vəzifələri, normativ-hüquqi əsasları, konseptual modeli, eləcə də funksional imkanları haqqında danışıb. O bildirib ki, müasir dövrün çağırışları yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir. Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.
Məruzəçi “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyasının normativ-hüquqi əsaslarını diqqətə çatdırıb, İnformasiya Texnologiyaları İnstitutu müvafiq sistemin yaradıldığını bildirib. O, sistemin konseptual sxemini təqdim edib, onun məlumat kateqoriyaları və komponentlərini diqqətə çatdırıb.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.