İDMAN


Elxan Səmədov: Azərbaycan Premyer Liqasına maraq böyükdür

Elxan Səmədov: Azərbaycan Premyer Liqasına maraq böyükdür

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Premyer Liqasının cari mövsümü daha maraqlı keçir. “Qarabağ” komandasının turnir cədvəlində birinci pillədə yer almasına baxmayaraq, futbolsevərləri qarşıda ciddi mübarizə gözləyir. “Neftçi”, “Zirə”, “Sabah” və “Qəbələ” komandaları gözəl və baxımlı oyun nümayiş etdirirlər. İnanıram ki, Azərbaycan Premyer Liqasının bundan sonrakı oyunları da maraqlı olacaq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.

PFL rəsmisi azarkeşlərin stadionlara cəlb edilməsində əsas amilin komandaların gözəl oyun göstərməsindən asılı olduğunu bildirərək deyib: “Digər məqam isə stadionlardakı şəraitdir. Azarkeşlər stadiona rahat gələ bilməlidir. Oturacaqlar rahat olmalı, arena ərazisində satış məntəqəsi fəaliyyət göstərməlidir. Onların fasilədə su və yüngül yeməklər ala bilməsi əsas amillərdəndir.

“Azərbaycan Premyer Liqası İngiltərə, İspaniya, İtaliya və digər ölkələrin çempionatları ilə müqayisədə o qədər güclü olmasa da, yerli yarışa böyük maraq var. PFL-in rəsmi yutub səhifəsində çempionatın oyunlarını on minlərlə insan izləyir. Rəhbərlik etdiyim qurumun əsas hədəfi çempionatın maraqlı idman mübarizəsi şəraitində keçməsinə nail olmaqdır. Ən əsası matçların ədalətli və şəffaf qaydada keçirilməsidir”, - deyə E.Səmədov əlavə edib.

Vurğulayıb ki, PFL-in xüsusi layihəsi çərçivəsində regionlarda çoxlu sayda jurnalist görürük. Bu bizi çox sevindirir. Bu həm PFL, həm də klublar və məşqçilər üçün xoşdur. Çünki bölgələrdə təşkil olunan matçlardan sonra keçirilən mətbuat konfransları yetərincə rəngarəng olur.

E.Səmədov bildirib ki, növbəti mövsümdən Birinci Divizionun və əvəzedici heyətlər arasında çempionatların ayrı keçirilməsini düşünürük. Region komandalarının əvəzedici heyətlə Birinci Divizionda mübarizə aparması azarkeşlər üçün o qədər də maraqlı olmur. Hesab edirəm ki, növbəti mövsüm fərqli olacaq. Hər iki çempionatda klublar gözəl oyun nümayiş etdirəcəklər. Birinci Divizionda 10 region klubunun iştirakını planlaşdırırıq. Hazırda Birinci Divizionun oyunlarında yetərincə azarkeş iştirak edir.

Azərbaycan Premyer Liqasının oyunlarının internet üzərində satışı ilə bağlı “İnsports” şirkəti ilə danışıqların getdiyini vurğulayan PFL-in rəhbəri qeyd edib ki, artıq biz test yayımlara başlamışıq. Ümid edirəm ki, bu ayın sonunadək danışıqlar yekunlaşaraq müsbət nəticələnəcək.

“Hakimlərin idarəçiliyi məni tam qane edir deyə bilmərəm. Ötənilki mövsümlə müqayisədə, bəlkə də VAR sisteminə görə, yaxşılığa doğru fərq hiss olunur. Artıq biz VAR sistemi üzrə ikinci maşını sifariş etmişik. Planlaşdırırıq ki, bu mövsümün sonunadək ikinci maşın olacaq”, - deyə natiq əlavə edib.

Klub rəhbərləri ilə görüşlərin yetərincə faydalı olduğunu bildirən E.Səmədov deyib: “Bu görüşlər klubların problemlərinin həllinə yönəlib. Onlara necə köməklik göstərə bilərik, onlar bizə necə dəstək ola bilərlər. Bütün problemləri klubların üzərinə atmaq fikrimiz yoxdur. Müzakirə olunan məsələlərin böyük hissəsi artıq öz həllini tapıb.

PFL bu il də fasilə dönəmində xüsusi fəallıq göstərdiyini bildirən E.Səmədov klublarımızın Antalya toplanışının geniş işıqlandırıldığını deyib. Bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə cəmi 8 nəfərlik heyətlə səfər edildi. Hətta PFL rəhbəri olaraq Antalyaya yollanmadım. Klublardan nə üçün səfər etməməyimlə bağlı çoxlu suallar gəldi. Səbəb büdcəyə qənaət etmək istəyimizdir. Ötən illərlə müqayisədə Antalyaya yollanan əməkdaşlarımızın sayı az olsa da, böyük işlər gördük. On üç oyunu canlı yayımla təqdim etdik. Millinin baş məşqçisi Cianni de Byazi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Sabah”ın baş məşqçisi Murad Musayev, “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub, “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev, baş məşqçisi Ayxan Abbasov və digər rəsmilərin, baş məşqçilərin, yeni transferlərin, kapitanların açıqlamalarını canlı yayımda təqdim etdik. Bir sözlə, komandamız uğurlu çalışdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.