İDMAN
Emin Kürdov: Belçika millisi ilə yoldaşlıq oyunu Avropa çempionatına hazırlığımızın səviyyəsini göstərəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 5-dən başladığımız məşqlərdə fiziki hazırlıq üzrə çalışmalara üstünlük veririk. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulublar. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verilib və standartlar üzərində işləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa çempionatının final mərhələsinə hazırlığı davam etdirən futzal üzrə Azərbaycan millisinin təcrübəli qapıçısı Emin Kürdov yanvarın 13-də təşkil olunan brifinqdə deyib.
Əsas hədəfin Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlmək olduğunu vurğulayan qapıçı deyib: “Ukrayna ilə iki yoldaşlıq oyunu keçirdik. Məğlub olmaq istəməzdik. Ancaq həmin matçlar xeyrimizə oldu. Səhvlərimizi gördük, indi də onlar üzərində işləyirik. Yanvarın 16-da Belçikaya yollanacağıq. Ertəsi gün bu ölkənin millisi ilə yoldaşlıq oyununda qarşılaşacağıq. Bu oyun komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək”.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.