İQTİSADİYYAT


Energetika Nazirliyi: Bu il inzibati xətalarla bağlı 539 işə baxılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb. Bunlardan 490-ı təbii qaz, 49-u isə elektrik enerjisi ilə bağlı olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təbii qazla bağlı 125 iş üzrə təqdim olunmuş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Energetika Nazirliyi tərəfindən Ağsu, Lənkəran, Beyləqan, Quba, Kürdəmir, Gədəbəy, Salyan, Neftçala, Qobustan, Şamaxı, Balakən, Zaqatala, Şəmkir və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 140 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 34 iş üzrə, qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 189 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Doqquz ayda Bakı, Sumqayıt, Ağcabədi, Qobustan, Şəki, Cəlilabad, Şamaxı, Qəbələ, Mingəçevir, Şabran, Lənkəran, Ağdaş və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 24 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.

Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.