İQTİSADİYYAT


Energetika Nazirliyi “Equinor” ilə anlaşma memorandumu imzalayıb

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycanın Energetika Nazirliyi və Norveçin “Equinor Abşeron AS” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, memorandumda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpaolunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur. Sənəd Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.

Memorandumu energetika nazirinin müavini Samir Vəliyev və “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb.

S.Vəliyev Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, “Equinor” ilə imzalanmış bu memorandum bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini verəcək.

F.Quraishi isə bərpaolunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin “Equinor”un əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə “Equinor” şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpaolunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.