SİYASƏT
Enrike Mora: Azərbaycan COVID-19 ilə mübarizədə səmərəli tədbirlər həyata keçirir
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 3-də Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə yeni müavini Enrike Mora ilə videokonfrans formatında görüş keçirib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə nazir müavini M.Məmməd-Quliyev yeni təyinatı ilə bağlı E.Moranı təbrik edib və onun Avropa İttifaqı - Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.
Nazir müavini Azərbaycanın Aİ ilə təhlükəsizlik sahəsində dialoqunun əhəmiyyətini qeyd edərək bu günədək müvafiq sahədə yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakı şəhərində keçirilmiş görüşlərin səmərəliliyinə və əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Aİ-nin mövqeyinə görə təşəkkürünü bildirib və Aİ Xarici İşlər Nazirləri Şurasının Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı 2020-ci il 12 may tarixli Yekunlar sənədində, həmçinin Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin cari il mayın 28-də BMT Təhlükəsizlik Şurasının brifinqində vurğulandığı kimi, bu prinsiplərin Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərində əsas element kimi qalacağına əminliyini ifadə edib.
E.Mora Xarici İşlər Nazirliyinin rəsmisi kimi İspaniya nümayəndə heyətinin tərkibində Azərbaycana səfərlərini məmnuniyyətlə xatırlayıb və xoş təəssüratlarını bölüşüb. E.Mora Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini, dünyəvilik dəyərlərinə malik Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadığını bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. Aİ rəsmisi Azərbaycanın COVID-19 ilə mübarizədə səmərəli tədbirlər həyata keçirdiyini, pandemiyanın təsirlərinin aradan qaldırılmasında Aİ-nin Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqların irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.