ELM VƏ TƏHSİL
Erməni-azərbaycanlı münaqişələrinə dair monoqrafiya çapa hazırlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Rusiyanın və Gürcüstanın arxiv və kitabxanalarında XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişələrinə dair araşdırmalar aparıb, əhəmiyyətli elmi faktlar və mənbələr əldə edib.
AZƏRTAC-a müsahibəsində Fərhad Cabbarov bildirib ki, Rusiyanın və Gürcüstanın arxiv və kitabxanalarında XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişələri haqqında olduqca önəmli materiallar qorunub saxlanılır. “Həmin arxiv və kitabxanalardan əldə etdiyim çoxlu elmi mənbələr və əvvəllər apardığım tədqiqatlar əsasında “Cənubi Qafqazda erməni ekstremizmi: XIX əsrin II yarısı – XX əsrin əvvəlləri” adlı monoqrafiya yazıb çapa hazırlamışam”, - deyə alim bildirib.
Yaxın günlərdə nəşr olunacaq kitabın elmi redaktoru, akademik Nailə Vəlixanlıdır.