REGİONLAR
Erməni rəqibini məğlub edərək beynəlxalq turnirin qızıl medalını qazanan astaralı güləşçi ilə görüş keçirilib
Astara, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmə güləşçilər arasında “Day of children” devizi ilə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanan güləşçi Ramik Heybətovla Astara Rayon İcra Hakimiyyətində görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ramik Heybətovu və onun məşqçisi Nizami Axundovu qazanılan uğur münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Azərbaycan güləşçilərinin beynəlxalq yarışlarda həmişə uğurla çıxış etdiyini vurğulayan Q.Ağayev astaralı güləşçi, dünya çempionatının gümüş mükafatçısı Cəbrayıl Həsənovla bərabər, Ramik Heybətovun da bundan sonra beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Beynəlxalq turnirin qalibi Ramik Heybətov və məşqçisi Nizami Axundov gələcək planlarından danışaraq, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə güləşçiyə və onun məşqçisinə fəxri fərman təqdim edib.
Qeyd edək ki, Tehran şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə yeniyetmələrdən ibarət Azərbaycan millisinin tərkibində 48 kiloqram çəki dərəcəsində çıxış edən astaralı idmançı Ramik Heybətov fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, xalça üzərində ilk görüşündə erməni rəqibini məğlub edib.