QAN YADDAŞI
“Erməni vəhşiliyinin nümunəsi: Xocalı soyqırımı” mövzusunda videokonfrans keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xocavənd, Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə “Erməni vəhşiliyinin nümunəsi: Xocalı soyqırımı” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə bildirilib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində bəşər tarixində görünməmiş soyqırımı törədib. Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu faciə erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir bariz nümunəsidir. Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.
Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan gənclərinin üzərinə düşən vəzifələrdən danışılıb, onların yüksək fəallıq göstərmələrinin vacibliyi qeyd olunub.