MƏDƏNİYYƏT
Ermənistan silahlı qüvvələri Azərbaycanın min illik tarixi irsini qəsdən məhv edib
Paris, 17 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin hərbi cinayətlərini, müharibə üzündən təhsildən məhrum olan uşaqlarla bağlı beynəlxalq ictimaiyyəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın min illik tarixi irsini qəsdən məhv etməsi barədə UNESCO-dakı xarici həmkarlarımı məlumatlandırmaq istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayevin Fransanın “Mediapart” portalında dərc edilmiş “Azərbaycan və Ermənistan arasında atəşkəs. Azərbaycanda mülki və mədəni infrastruktura dəyən zərər və ziyanın həcmi” adlı məqaləsində bildirilib.
Məqalədə cari ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin qəsdən və sistematik şəkildə Azərbaycanın mülki əhalisini, habelə xəstəxanalar və məktəbləri hədəf aldığı göstərilib.
Qeyd edilib ki, noyabrın 9-dan uşaqlar, qadınlar və qocalar da daxil olmaqla ümumilikdə 93 mülki şəxs öldürülüb, 407 mülki şəxs ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Bundan əlavə, Ermənistanın mülki sahəni qəsdən hədəfə alması nəticəsində 3326 fərdi ev, 120 yaşayış binası və 504 mülki infrastruktur dağıdılıb. Yalnız oktyabrın 16-da müşahidəçilər Gəncədə bir çox mülki şəxsin həlak olduğunu, çox saylı yaşayış evlərinin və məktəblərin dağıdıldığını qeydə alıblar. Tərtər uşaq musiqi məktəbinin müəllimi, Naftalan musiqi məktəbinin 13 və 14 yaşlı şagirdləri də daxil olmaqla 5 nəfərlik bir ailə münaqişənin mülki qurbanları arasındadır.
Bildirilib ki, erməni silahlı qüvvələri tarixi, mədəni irs abidələrini də hədəfə alaraq, onlara ciddi xəsarət yetirib. XIII əsr Şeyx Baba Yaqub, Füzuli şəhərində tarixi-etnoqrafik muzey, Gəncə şəhərində 1881-ci ilə aid bina və IX əsr İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski kilsəsi erməni silahlı qüvvələri tərəfindən dağıdılıb. Erməni silahlı qüvvələri tərəfindən dağıdılmış milli mədəni irs abidələrinin şəkilləri təqdim olunub.
Bütün bunların Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmədən sonra abidələrimizə qarşı “mədəni” təmizləmə apardığını sübut edir.
Məqalədə Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozduğu vurğulanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris