SİYASƏT
Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı Moldova mətbuatında məqalələr dərc olunub
Kişineu, 17 oktyabr, AZƏRTAC
Moldova mətbuatında Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Timpul.md”, “NOİ.md”, “İPN.md” və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.
Qeyd edilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinin ballistik raket atəşinə tutulması nəticəsində dinc əhali arasında 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb, yaşayış binaları dağılıb.
Moldova mətbuatında Gəncə hadisələri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da dərc edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu