SİYASƏT


Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

Kiyev, 7 avqust, AZƏRTAC

Ermənistan hakimiyyətinin, onun qulluqçularının hiyləgər siyasəti özünü Ukrayna dövləti ərazisində də göstərməyə başlayıb. Bu gün Ukraynanın dövlət və milli maraqlarına xidmət edən dövlət məmurları Ermənistanın hiyləgər siyasətinin əsirinə çevrilən bəzi işbazlar tərəfindən ləkələnməyə cəhd edilir.

Bu günlərdə Ukrayna-Ermənistan parlamentlərarası dostluq qrupunun həmsədrinin müavini, hakim “Xalqın xidmətçi”si partiyasından olan deputat Darya Volodina Ukrayna Xarici İşlər nazirinin müavini, GUAM yanında Milli Əlaqələndiricisi Vasili Bodnara qarşı ittihamla çıxış edib. Onun “məntiqi” kənardan çox iyrənc və gülünc görünür. Ermənipərəst Darya Volodinanın məntiqsiz yanaşmasına görə, XİN müavini Bodnarın apreldə müvafiq qurumlara məktub göndərərək qondarma “erməni soyqırımının” tanınmaması barədə tövsiyəsi Ukraynanın xarici siyasət kursuna ziddir. Hakim partiyadan olan deputatın belə bir mövqe sərgiləməsinin arxasında Ermənistan dövlətinin “konyak diplomatiyasının” dayanması aydınca sezilir. Ancaq o bir məsələni unudur ki, V.Bodnar sadəcə Ukrayna dövlətinin rəsmi mövqeyini qurumlara çatdırıb. Necə ki, Bodnar deputatın ittihamlarına sosial şəbəkədə cavabında qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinin Ukrayna dövlətinin rəsmi mövqe olduğunu qeyd edib. Darya Volodinanın XİN rəsmisinə qarşı qərəzli mövqeyi Ukraynanın siyasi dairələri tərəfindən də sərt tənqid edilir. Bunlardan biri AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko cavabında Darya Volodinanın ittihamını “barbar hüquqi absurd” adlandırıb və onunla bir “Xalqın xidmətçisi” fraksiyasında təmsil olunmasından utandığını söyləyib. Bundan əlavə sosial şəbəkələrdə Darya Volodinanın Bodnara qarşı qərəzli mövqeyini kəskin şəkildə pisləyən yüzlərlə şərhlər yazılıb.

Onu da xatırlatmaq lazımdır ki, Darya Volodina bir neçə dəfə Ukrayna Ali Radasında qondarma “erməni soyqırımı”nın qəbul edilməsinə çalışıb. Sonuncu dəfə bu ilin fevral ayında Ukrayna Ali Radası onun müəllifi olduğu qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib. Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Əslində, Ermənistanı və onun havadarlarının qıcıqlanması başa düşüləndir, çünki Ukrayna dövləti daima onların işğalçılıq siyasətini pisləyən mövqe nümayiş etdirir. İstər Türkiyəyə qarşı qondarma “erməni soyqırımı”, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Kiyevin mövqeyi, qəbul etdiyi bəyanatlar “konyak diplomatiya”sının Ukraynadakı xidmətçilərinin şər-böhtanla məşğul olmağa vadar edib. Ancaq bu cür “mübarizə” səmərəsizdir, çünki Ermənistanın hiyləgər, işğalçı siyasəti dünya dövlətləri tərəfindən qəbul edilib və bu, rəsmi sənədlərdə öz əksini tapıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.