CƏMİYYƏT
Ermənistanın növbəti təxribatı Gürcüstan mətbuatının diqqət mərkəzindədir
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması, eləcə də Azərbaycan tərəfinin bununla bağlı açıqlamaları Gürcüstanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın interpressnews.ge, report.ge, newsday.ge, dalgatv.ge, 24news.ge, geotimes.com.ge və digər xəbər portallarında AZƏRTAC-a istinadla Azərbaycan, rus, gürcü, ingilis dillərində 25-dən çox müxtəlif materiallar yayılıb.
Azərbaycan Prezidentinin xalqa müraciətinə, Təhlükəsizlik Şurasının iclasındakı çıxışına, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatlara istinad olunan və “Azərbaycan Ordusu əks hücuma keçib”, “Bu gün Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir”, “Azərbaycan Ordusu 6 kəndi azad edib”, “Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad etdi”, “Düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir” sərlövhəli materiallarda ordumuzun parlaq qələbəsi, Azərbaycanın haqlı mövqeyi barədə oxuculara məlumatlar çatdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi