İQTİSADİYYAT
Etilen-polietilen zavodunda yeni Buxar Turbogenerator qurğusu inşa olunur
Bakı, 10 fevral, AZƏRTAC
Etilen-polietilen zavodunda yeni Buxar Turbogenerator qurğusu inşa olunur.
“Azərikimya” İstehsalat Birliyində SOCAR-ın baş ofisinin və Almaniyanın “UNIPER” şirkətinin nümayəndələrinin iştirakı ilə “SOCAR-UNIPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının 4-cü yığıncağı keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yığıncaqda Etilen-polietilen zavodunun Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilib, qarşıda duran məsələlər geniş müzakirə olunub.
Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Etilen-polietilen zavodunda olublar. Qonaqlara “EP-300” qurğusunda icra olunan modernləşdirmə işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilib.