MƏDƏNİYYƏT


“Eurovision 2022”də finala yüksələn 10 ölkə müəyyənləşib

Turin, 11 may, AZƏRTAC

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri performanslarını nümayiş etdiriblər. Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə finala yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.

“Eurovision 2022”nin ikinci yarımfinal mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək. İkinci yarımfinalda da ilk onluğa daxil olmağı bacaran ölkələr finala yüksələcəklər.

Dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir və həmin ölkələrin 35-i yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Turin 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.