CƏMİYYƏT
FAO Avropa və Mərkəzi Asiya ölkələri üzrə sağlam və məhsuldar heyvandarlıq strategiyasını təqdim edib
Bakı, 26 fevral, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa və Mərkəzi Asiya region ölkələri üzrə sağlam və məhsuldar heyvandarlıq strategiyasını təqdim edib.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, strategiyanın əsas məqsədi, kiçik sahibkarların heyvan sağlamlığı və istehsal təcrübələrini yaxşılaşdırmaq, həmçinin antibiotiklərdən istifadə zamanı onların təhlükəsizliyini təmin etməkdir. Hazırda ingilis və rus dillərində hazırlanan strategiya, həm özəl, həm də dövlət sektorunda bu sahə üzrə fəaliyyət göstərən qurumları faktlara əsaslanan, çoxsahəli və koordinasiyalı fəaliyyətlərdə təşəbbüs göstərməyə sövq edir.
2020-2025-ci illəri əhatə edən strategiya FAO-nun bölgədəki üç əsas prioritet sahədəki fəaliyyətlərini əhatə edir: heyvan sağlamlığı, istehsal və antibiotiklərə qarşı mübarizə (AMR). Bununla bərabər sözügedən strategiya bu mövzu ilə əlaqədar yeddi məsələni: heyvan cins tərkibləri, ətraf mühitin dayanıqlılığı, kənd təsərrüfatı fəaliyyəti və digər beynəlxalq təşkilatlarla əlaqələri özündə əks etdirir.
Heyvan sağlamlığının təmin olunması üçün mühüm bir vasitə olaraq strategiya bölgədəki ölkələrə hansı xəstəlik və xəstəliklərin iqtisadi və ictimai səhiyyə baxımından əsas əhəmiyyət daşıdığını aydın şəkildə anlamaq üçün Vahid Sağlamlıq yanaşmasını tətbiq etməyə kömək edəcək. Strategiya eyni zamanda rəqəmsallaşmanın yardımı ilə “yeni nəsil - ağıllı” əkinçilik və heyvanların monitorinqi kimi innovativ texnologiyalardan istifadə etməklə baytarlıq xidmətlərinin, fermerlərin və dəyər zənciri boyunca fəaliyyət göstərənlərin bu fəaliyyətə cəlb edilməsini təşviq edir.
Heyvandarlıq sahəsində istehsal, qidalanma keyfiyyəti, heyvan sağlamlığı, genetik potensial və əkinçilik təcrübələri də daxil olmaqla bir çox amillərdən asılıdır. Bu məqsədlə, strategiya FAO-nun bölgədəki işinin bir çox hissəsini, xüsusilə qidalanma və digər əsas amilləri təsvir edir: dayanıqlı otlaq idarəçiliyi, əsas yem mənbələri, yem və məhsul israfının azaldılması, ot və silos kimi yem keyfiyyətinin yaxşılaşdırılması və aqrar sənayedə hazırlanan məhsullardan faydalanmağı özündə ehtiva edir.