REGİONLAR
FERMERLƏR ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ
AZƏRTAC xəbər verir ki, Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutu Gəncə Aqrobiznes Assosiasiyası ilə birlikdə bölgənin fermerləri üçün “İstehsal olunan kənd təsərrüfatı məhsulları ekoloji cəhətdən təmiz olmalıdır” mövzusunda üçgünlük seminar-müşavirə təşkil etmişdir. Xanlar, Samux, Daşkəsən, Şəmkir və Goranboy rayonları fermerlərinin iştirakı ilə keçirilən tədbirdə institutun alimləri ziyanvericilərlə mübarizədə herbisidlərdən və müxtəlif kimyəvi preparatlardan, o cümlədən xaricdən gətirilən kimyəvi dərmanlardan istifadə qaydaları haqqında məruzələr etmişlər. Bu işin bəzən qeyri-peşəkarlara həvalə edilməsinin acı nəticələrindən danışan natiqlər fermerlərin suallarına da aydınlıq gətirmişlər.
Sonda fermerlərə kimyəvi dərmanlardan istifadə qaydaları haqqında müxtəlif ədəbiyyat paylanmışdır.