CƏMİYYƏT
FHN Bakı Regional Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
Bakı, 26 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı toplantı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalıda insanlıq əleyhinə soyqırımı törədiblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 günahsız insan qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Anım tədbirində Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığı qeyd edilib. Vurğulanıb ki, Xocalı soyqırımının tanınması istiqamətində aparılan işlərin nəticəsi olaraq, artıq bir çox dövlətlərdə Xocalı faciəsinə rəsmi münasibət bildirilib və bu faciə soyqırımı kimi tanınıb.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.