SİYASƏT
FHN: Düşmən Gəncə şəhərini və Beyləqan rayonunu yenidən raket atəşinə tutub
Bakı, 5 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonunun və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Eyni zamanda, Beyləqan şəhərinə atılmış iki raket mərmisindən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.