CƏMİYYƏT
FHN: Hirkan Milli Parkında baş vermış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Bakı, 18 yanvar, AZƏRTAC
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və milli parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir. Bu gün yanğınsöndürmə əməliyyatına nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər, 2 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər, 2 texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 əməkdaşı cəlb olunub. Əməliyyata, həmçinin FHN-in aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb edilib.
Əlavə məlumat veriləcək.