CƏMİYYƏT
FHN: Quzanlı qəsəbəsində kafedə baş verən yanğın söndürülüb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının taxta konstruksiyalardan ibarət kafedə baş verdiyi və onun hər an kafeyə bitişik fərdi evə keçmə təhlükəsinin olduğu müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan kafenin 12 kvadratmetr sahəsi yanıb. Yüksək temperaturdan kafenin daxili arakəsmələrinin bir hissəsi deformasiyaya uğrayıb.
Kafenin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub.