CƏMİYYƏT
FHN-in Gəncə Regional Mərkəzi “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib
Bakı, 29 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunması və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti yanğın baş vermiş binada onunla mübarizə tədbirləri, o cümlədən “zərərçəkmişlərin təxliyə olunması, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi” üzrə əməliyyatlar, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.
Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.