REGİONLAR
FHN-in Muğan Regional Mərkəzində zona birinciliyi keçirilib
Salyan, 12 may, Aydın Yavərzadə, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Tədbirin açılışında Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov, Salyan Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin nümayəndələri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Hacıqabul şəhər 2 nömrəli tam orta məktəb I yeri, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəb II yeri, İmişli rayon Rəsullu kənd tam orta məktəbi isə III yeri tutub.
Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunublar. Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.