CƏMİYYƏT
FHN-in Sumqayıt Regional Mərkəzi meşə massivlərində və istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
Bakı, 4 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Xızı rayonu ərazisindəki meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.
Toplantılarda vətəndaşlara yanğın baş verə biləcək yerlərdə, xüsusilə də meşə zolaqlarında və istirahət zonalarında yanğına qarşı profilaktik tədbirlər haqqında məlumat verilib. Eyni zamanda, yerli əhaliyə meşə massivlərində yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində tövsiyələr də verilib.
Görüşlərdə vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları paylanılıb, suallar cavablandırılıb.