DÜNYA
FİLİPPİN PREZİDENTİ XALQ MƏHƏBBƏTİ TƏZAHÜRLƏRİNDƏN USANMIŞDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Filippin Prezidenti Qloriya Makapaqal Arroyo ölkənin kişilərinə qeyri-adi xahişlə müraciət etmişdir: məni öpmək cəhdlərinizə son qoyun. Məsələ bundadır ki, ölkənin ənənəsinə uyğun olaraq, kişi qadınla görüşdükdə onu hər iki üzündən öpməklə, yaxud filippinlilərin dedikləri kimi, beso-beso ilə mükafatlandırmalıdır.
57 yaşlı dövlət başçısı bildirmişdir ki, o, mühafizəkar qadındır və istəyir ki, onu ancaq bir kişi – öz əri öpsün.
Yerli televiziya Prezidentin müraciətini canlı efirdə yayımlamışdır. Xanım Arroyo demişdir: “Üzümü ölkənin bütün kişilərinə tuturam: əgər sizə nəzakətsizlik etməyimi istəmirsinizsə, onda, lütfən, məni öpməyə cəhd göstərməyin”.
Ötən il belə uğursuz cəhdlərdən biri qanqaralığı ilə qurtarmışdır. Qloriya Arroyonun ölkəyə səfəri zamanı bir kişi ona yaxınlaşmış və gözlərini yumub dodaqlarını büzərək dövlət başçısını busələrə qərq etmək istəmişdir. Lakin Prezidentin yanındakı cangüdən qız onu itələyib yıxmışdır. Diribaş fotoqraflar bu səhnəni dərhal lentə almışlar və sonra bu şəkil yerli qəzetlərin hamısında verilmişdir.