FİNLANDİYA VAHİD AVROPA AİLƏSİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AzerTAg.az
Bu fikir oktyabrın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ölkəmizdə işgüzar səfərdə olan Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyya ilə görüşündə bildirilmişdir.
Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edən Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyya ötən illər ərzində ölkəmizdə sürətli dəyişikliyin və islahatların aparıldığını xüsusilə vurğulamışdır. Vahid Avropa ailəsi çərçivəsində Azərbaycanla əlaqələrin inkişafında ölkəsinin maraqlı olduğunu önə çəkən qonaq bu münasibətlərin müxtəlif proqramlar və beynəlxalq təşkilatlar çərçivəsində də davam etdiriləcəyinə ümidvar olduğunu söyləmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov son illər ölkəmizdə aparılan islahatlar, Avropa strukturlarına inteqrasiya istiqamətində görülən işlər barədə məlumat vermiş, Azərbaycanın “Avropada qonşuluq” siyasəti təşəbbüsünə daxil olunmasında Finlandiyanın dəstəyinə görə minnətdarlıq edərək, yeni proqram çərçivəsində və Avropa İttifaqının Cənubi Qafqaz ölkələrində xüsusi nümayəndəsi vasitəsilə Finlandiya ilə əməkdaşlığın davam etdiriləcəyini bildirmişdir.
“Sülh naminə tərəfdaşlıq” proqramı və “Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı” çərçivəsində NATO, eləcə də Avropa Təhlükəsizlik sistemi strukturları ilə ölkəmizin əməkdaşlığından söhbət açan E.Məmmədyarov beynəlxalq terrorizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər qlobal çağırış və təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. Ölkəmizin enerji sahəsindəki nəhəng layihələrdə iştirakını vurğulayan nazir E.Məmmədyarov Finlandiya ilə elm, təhsil, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafının əhəmiyyətli olduğunu söyləmişdir.
Daha sonra o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər, xarici işlər nazirləri və prezidentlər səviyyəsində aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var