ELM VƏ TƏHSİL
“Fantaziyanı biç, çantaya çevir” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 9 iyun, AZƏRTAC
“Worldskills Azerbaijan” platformasının təşkil etdiyi “Fantaziyanı biç, çantaya çevir” müsabiqəsinin qalibləri müəyyənləşib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan yekun qiymətləndirmə mərhələsində münsiflər heyəti tərəfindən 60-dan çox çantaya baxış keçirilib.
Münsiflər heyətinin qiymətləndirməsi və feysbukda keçirilən səsvermə nəticəsində Ramilə Nadirli 78.3 balla I yerə, İlahə Cəfərli 68.8 balla II yerə, Murad Babayev 68 xalla III yerə layiq görülüb. Növbəti günlərdə təşkil olunacaq bağlanış mərasimində qaliblərə hədiyyələr, pul mükafatı və sertifikatlar təqdim ediləcək.
Müsabiqənin münsiflər heyəti Azərbaycan Milli Geyim Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin təsisçisi və “Worldskills Azerbaijan” platformasının dəb texnologiyaları üzrə səfiri modelyer-dizayner Gülnarə Xəlilova, “Libas” moda evinin həmtəsisçisi, rəssam-dizayner Zemfira Cəfərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Geyim dizaynı kafedrasının müdiri, rəssam Nazim Yunusov, “Sinteks” şirkətinin marketinq şöbəsinin direktoru Ceyla Hüseynzadə və “Worldskills Azerbaijan” platformasının texniki nümayəndəsi Ceyran Məmmədlidən ibarətdir.
Namizədlərin təqdim etdikləri ekoçantalar iki mərhələdə qiymətləndirilib. Birinci mərhələ feysbuk üzərindən keçirilmiş anonim səsvermədən, II mərhələ isə çantaların münsiflər heyəti tərəfindən 6 meyar üzrə qiymətləndirməsindən ibarət olub. Müvafiq olaraq I mərhələ ümumi qiymətləndirmənin 25, II mərhələ isə 75 faizini təşkil edib.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.