İQTİSADİYYAT
“Ferrum Kapital” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 5 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 11,5 faiz, tədavül müddəti 12 aydır. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.