İDMAN
Festivalda kişi və qadın basketbolçuların yarışlarının birinci günündə 8 oyun keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, festivalın basketbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Festivalda qadın basketbolçuların yarışı Avropa Azərbaycan Məktəbində və oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.
Həm qadınların, həm də kişilərin mübarizəsində səkkiz komanda iki qrupda yarışır. Kişilərin yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparırlar. Qadınların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar.
Kişi basketbolçuların yarışında A qrupunda yer alan təmsilçilərimiz serbiyalı rəqiblərinə 39:77 hesabı ilə uduzublar. Qrupun digər oyununda isə Fransa yığması Xorvatiya ilə görüşdə 76:56 hesabı ilə qələbə qazanıb.
B qrupunda isə Litva-Yunanıstan (77:71) və İspaniya-Türkiyə (72:65) görüşləri oynanılıb.
Qadınların yarışında isə Rusiya yığması Belçikanı (61:55), Fransa seçməsi İtaliyanı (62:48) məğlub edib. B qrupunda isə Macarıstan yığması Polşaya 95:50 hesabı ilə qalib gəlib. Digər oyunda isə Çexiya seçməsi Türkiyə voleybolçularını məğlubiyyətə uğradıb – 74:58.
Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarışlara iyulun 27-də yekun vurulacaq.