ELM VƏ TƏHSİL
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
Bakı, 5 iyul, AZƏRTAC
AMEA Rəyasət Heyəti aparatının elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” dərgisinin 2022-ci ilə aid birinci nömrəsi işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunan jurnalın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Jurnalın bu nömrəsi akademik İsa Həbibbəylinin “Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı” məqaləsi ilə açılır.
Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru Maral Poladova, baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.
“Elm” nəşriyyatında çap olunan jurnalın yeni nömrəsi “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq”, “Resenziya” və “Yubileylər” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.