SİYASƏT
Finlandiyada Novruz bayramı təntənəli surətdə qeyd edilmişdir
Bakı, 27 mart (AZƏRTAC). Helsinki şəhərinin “Caisa” Mədəniyyət Mərkəzində Finlandiya- Azərbaycan Assosiasiyasının (FAA) və Finlandiya Türk Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bayram tədbirində Finlandiya hökumətinin nümayəndələri, Türkiyə, Filippin, Rusiya və digər dövlətlərin bu ölkədəki diplomatik nümayəndəliklərinin təmsilçiləri, həmçinin fin, türk, tatar, rus, İsveç və başqa xalqların nümayəndələri iştirak etmişlər.
Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı, Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay və Finlandiya Türk Cəmiyyətinin sədri Minə Eray qonaqları Novruz bayramı münasibətilə təbrik etdikdən sonra FAA-nın nəzdində fəaliyyət göstərən yeniyetmə gənclər təşkilatının hazırladığı maraqlı proqram təqdim olunmuşdur.
Tədbirin rəsmi hissəsində Novruz bayramının tarixi, adət-ənənələri haqqında geniş məlumat verilmiş, Azərbaycandan bəhs edən videoçarx, “Natiq” ritm qrupunun ifasında klip nümayiş etdirilmişdir.
FAA-nın mədəniyyət və musiqi işləri rəhbəri Ülviyyə Cabbarovanın hazırladığı canlı konsert proqramı qonaqların alqışları ilə müşayiət olunmuşdur.
Tədbirin sonunda qonaqlar bayram süfrəsinə dəvət edilmişlər.