MƏDƏNİYYƏT
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
Paris, 21 noyabr, AZƏRTAC
Bu gün UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyini qeyd edirik. Bu təntənəli tədbirin UNESKO-nun Baş Konfransının 40-cı sessiyası ilə eyni vaxtda qurumun baş qərargahında qeyd etməklə fəxr edirik.
Bu fikri AZƏRTAC-a müsahibəsində UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirdə UNESKO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko söyləyib.
Bildirib ki, Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan 25 ildə böyük irəliləyişlər əldə edib və artıq UNESKO-nun əsas tərəfdaşlarından biridir. Sülh, sülh mədəniyyəti naminə fəaliyyətimizdə Azərbaycan hökumətinin və Milli Komissiyanın böyük dəstəyini almışıq. “Afrikada sülh, inkişaf yolunda göstərilən dəstəyi xüsusi qeyd etmək istərdim. Bakı ilə Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı kimi mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində də sıx əməkdaşlığımız var. Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki fəaliyyətini çox yüksək qiymətləndiririk. Bu fəaliyyət dünyada sülhün bərqərar olmasına böyük dəstəkdir”, - deyə F.E.Matoko diqqətə çatdırıb.
Qeyd edib ki, Milli Komissiya UNESKO nəzdindəki Milli Komissiyalar şəbəkəsinin üzvü kimi yaxşı idarəçilik təcrübəsini bölüşür.
“Bu gün bu tədbirdə olmağımızla fəxr edirəm və Milli Komissiyaya qarşıdan gələn 25 ildə də şərəfli yol arzulayıram”, - deyə F.E.Matoko vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris