CƏMİYYƏT
Fiziki qüsurlu insanların fəlakət risklərinin azaldılmasına dair Bakıda keçirilən seminar başa çatıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİSEF və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəlikləri ilə birgə Bakıda keçirdiyi seminara yekun vurulub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və bu sahə üzrə ekspertləri bir araya gətirmək olub.
Tədbirin ikinci günündə respublikada fiziki qüsurlu insanların fəlakətlərdən qorunması üçün hazırlanmış fəaliyyət planı müzakirə olunub. Bu qəbildən olan insanlara dair statistik məlumatlara və monitorinq sisteminə malik bazanın yaradılması, yerli və beynəlxalq tərəfdaşların, tədqiqat istiqamətlərinin və pilot layihələrin müəyyənləşdirilməsi kimi vacib məqamlara toxunulub. Seminarın Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət riskinin azaldılması siyasətinə və praktikasına daxil edilməsi barədə tövsiyələr verilib.
Sonra tədbir iştirakçıları və qonaqlar Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbində risk qrupuna daxil olan uşaqlarla görüşüblər. Balacalar qonaqlara əl işləri, kulinariya bacarıqları, incəsənət nümunələri və digər sahələr üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.