İDMAN
Formula-1 Avropa Qran-prisinin kuboku ictimaiyyətə təqdim olunub
Bakı, 21 iyun, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisindən sonra yarışın rəsmi kubokunu ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Bakı zəngin irsinə sadiq qalaraq yüksək sürətlə inkişaf edən şəhərdir. Avropa Qran-prisinin kuboku özündə dünyanın ən prestijli və həyəcan verici idman yarışına ev sahibliyi edən Bakını köhnə ilə yeniliyin, müasirliklə qədimliyin vəhdəti fonunda əks etdirir. Kubok Bakını, UNESCO-nun mədəni irsi siyahısına salınmış möhtəşəm İçərişəhər, həmçinin “Şərqin Parisi” kimi təsvir edilən bu şəhərə təkrarolunmaz rəng qatan yüksək dizayn keyfiyyətinə sahib geyim mağazaları, gözəl restoran və barlar, həmçinin mürəkkəb memarlıq nümunələri ilə əhatələnmiş mərkəzi küçələri ilə təsvir edir. Bütün sadalanan amillər Bakıda keçirilən Formula-1 yarışı üçün saf gümüşdən hazırlanmış dörd kubokun (il üç yeri tutan pilotlar üçün və Mühəndislər kuboku) dizaynında istifadə olunub.
Kubok ön tərəfdən baxıldıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladır. Belə ki, içi qızılı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalça təsvirli gümüşü sütun suyun üzərinə yerləşdirilib. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Gümüş sütunun bərkidildiyi fundamentin üzərində Formula-1-in loqosu əks olunub. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub.
Kubok forma və dizayn baxımından birlik və tərəqqi konsepsiyası çərçivəsində ərsəyə gətirilib və əsas milli elementlər olan od, hava və suyun təcəssümü vasitəsilə ölkəmizin mədəni irsi və kimliyini əks etdirmək məqsədilə hazırlanıb. Bununla da kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.