İDMAN
Formula-1 Azərbaycan Qran-Prisinə yerli medianın akkreditasiyası ilə bağlı seminar təşkil olunub
Bakı, 15 yanvar, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Bakıda keçiriləcək növbəti Formula-1 Azərbaycan Qran-Prisinə akkreditasiyaya dair yerli media nümayəndələri üçün seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, seminarda iştirakçılara builki yarışa medianın akkreditasiyası qaydaları haqqında ətraflı məlumat verilib və qeydiyyat prosesi ilə bağlı digər zəruri məsələlər müzakirə olunub.
Həmçinin görüş zamanı builki çempionatda nəzərdə tutulan dəyişikliklərdən söhbət açılıb və Formula-1 yarışlarını davamlı işiqlandıran jurnalistlər üçün ötən ilin dekabrında keçirilmiş “Sürətin nəbzini tut-2” adlı praktiki təlimin məzunlarına sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında AZƏRTAC-ın müxbiri Səxavət Quliyev də var.
Seminarda gələn yarış üçün görülən hazırlıqlardan danışan BŞH-nin marketinq və kommunikasiya departamentinin media və yayım əməliyyatları şöbəsinin rəhbəri Ayan Ağayeva iştirakçılara akkreditasiya prosesində uğurlar arzulayıb: “Dünyanın Formula-1 idmanını işıqlandıran əksər aparıcı media qurumları tərəfindən ötən Azərbaycan Qran-Prisinin ilin ən yaxşı yarışı seçilməsi bizi çox sevindirdi və bu il də eyni uğura yiyələnərək bunu ənənəyə çevirmək üçün var gücümüzlə çalışırıq.
Yarışı ən yüksək səviyyədə həyata keçirmək qədər onu bütün Formula-1 həvəskarlarına ən gözəl şəkildə təqdim etmək də vacib rol oynayır. Bu məsələdə sizə böyük iş düşür və siz də indiyədək bunun öhdəsindən layiqincə gəlmisiniz.
Ancaq biz inkişafı davamlı etmək istəyirik. Onun üçün çalışırıq ki, yerli media nümayəndələri qısa zamanda bizim üçün yeni olan bu idman sahəsində beynəlxalq aləmdə ən qabaqcıl peşəkar jurnalistlərə çevrilsinlər. Keçirdiyimiz təlim və tədbirlərdə iştirakınıza görə hamınıza təşəkkür edir, növbəti yarış üçün davam edən akkreditasiya prosesində uğurlar arzulayırıq”.
Qeyd edək ki, yerli media nümayəndələrinin 2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə akkreditasiyası üçün müraciət müddəti yanvarın 31-də başa çatacaq.