İDMAN
Formula 1 gələcək avtomobillərinin üç rəsmi konsepsiyasını açıqlayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Formula 1-in mətbuat xidməti dünya çempionatının rəsmi saytında F-1 gələcək avtomobillərinin üç konsepsiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Formula 1 avtomobillərinin dizaynı yeni texniki reqlamentin tətbiq olunacağı 2021-ci ildə bu konsepsiyalara uyğun olacaq. Reqlamentin detalları dəqiqləşdirilir, lakin ümumilikdə gələcək qaydalara müvafiq konsepsiyalar artıq hazırlanıb. Ehtimal olunur ki, gizli görüşdən sonra konsepsiyalardan birinin mətbuata “sızması” nəticəsində Formula 1 onları açıqlamaq qərarına gəlib.
Birinci konsepsiyada əsas diqqət pilotun başının qorunması sisteminin daha zərif şəkildə maşının dizaynına uyğunlaşdırılmasına yönəldilib. İkinci konsepsiya daha “cəsarətli” və təfərrüatlıdır. Belə ki, burada Formula 1-in gələcəkdə 18 düyümlük şinlərə keçməsi də nəzərə alınıb. Üçüncü konsepsiya olduqca müasirdir və özündə təkərlərdən gələn çirkli havaya nəzarət edən aerodinamik elementlərin ilk versiyasını ehtiva edir.
Beynəlxalq Avtomobil Federasiyası və Formula 1-in rəhbərliyi 2019-cu ilin sonunadək dünya çempionatının gələcək reqlamentini təsdiqləmək, həmin vaxta qədər isə tədqiqatları davam etdirmək niyyətindədir.