CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə tədbir keçirib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) ilə birgə Mülki Müdafiə Qoşunlarının Biləcəridəki N saylı hərbi hissəsində Ümumdünya İlk Yardım Günü mövzusunda tədbir keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan nazirliyin əməkdaşı polkovnik-leytenant Rəfail Hüseynov belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, FHN və AQAC-ın birgə əməkdaşlığı nəticəsində belə tədbirlər davam etdiriləcək. FHN təbii və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştirak edir, bu sahədə müxtəlif qurum və təşkilatlarla fəal əməkdaşlıqda maraqlıdır.

AQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə qeyd edib ki, hər iki qurum arasında 2006-cı ildə imzalanan anlaşma memorandumuna əsasən, tərəflər respublikamızda fövqəladə hallar zamanı baş verə biləcək fəsadların aradan qaldırılmasında, zərərçəkmişlərə vaxtında ilk yardımın göstərilməsində fəal iştirak edir. Ənənəvi olaraq hər il sentyabrın 2-ci şənbə günü dünyada, eləcə də respublikamızda Ümumdünya İlk Yardım Günü kimi qeyd olunur. Dünyanın 190 ölkəsində İlk Yardım Günü qəzalar və ani xəstəliklər zamanı tibbi yardım gələnə qədər zərərçəkmişlərə edilə biləcək ilk yardımın tətbiqi haqqında cəmiyyətin maarifləndirilməsi üçün tədbirlər həyata keçirilir. AQAC hər il bu günü müxtəlif təhsil ocaqlarında, hərbi hissələrdə, sərhəd bölgələrində, eləcə də insanların toplaşdığı parklarda ilk yardım vərdişlərini aşılamaq məqsədilə silsilə tədbirlər keçirir.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları tərəfindən ilkin yardım mövzusunda praktiki məşğələ keçirilib.

Tədbirdə FHN-in və AQAC-ın rəhbər şəxsləri, beynəlxalq təşkilatların təmsilçiləri, könüllülər və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.