SİYASƏT
Fransa portalı Prezident İlham Əliyevin Azərbaycan-Fransa münasibətlərinə dair fikirlərini yayıb
Paris, 7 may, AZƏRTAC
Fransanın “Musalmansenfrance” Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans zamanı “Musalmansenfrance” portalının baş icraçı direktoru Jan-Mişel Brönün sualına cavabının tam mətnini yayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Jan-Mişel Brönün sualına cavabında bildirib: “Biz artıq iki ölkə arasında güclü mədəni münasibətlərə sahibik və əməkdaşlığımızın tarixi bunu göstərir. Biz mədəniyyət, təhsil sahələrində böyük irəliləyişə nail olmuşuq. Bir sıra önəmli tədbirlər, Azərbaycan mədəniyyətinin Fransanın fərqli şəhərlərində çoxsaylı təqdimatları, günləri olmuşdur. Dəqiq yadımda deyil, Fransa və Azərbaycanın təxminən ondan çox qardaşlaşmış şəhəri var. Bu, sadəcə, formallıq deyil, burada böyük ictimai münasibətlər var. Həmçinin mədəniyyətin tərkibi kimi təhsilə gəlincə, Bakıda Fransız liseyinin yaradılması da bizim təşəbbüsümüz idi. Şəhərimizin ən gözəl məkanlarından birində yerləşir, Xəzər dənizinə gözəl mənzərəsi var. Bunun davamı olaraq, ovaxtkı Prezident Fransua Olland ilə Azərbaycan-Fransız Universitetinin yaradılması haqqında razılığa gəldik və biz bunu bir il ərzində həyata keçirdik, artıq o fəaliyyətdədir, yaxşı nəticələri var.
Beləliklə, biz həqiqətən çoxşaxəli mədəni münasibətlərə sahib idik və bu gün də sahibik. Bu münasibətlər son proseslərin təsirinə məruz qalmadı. Ümumilikdə siyasi münasibətlərdən danışdıqda isə deyə bilərəm ki, onlar normaldı, deyərdim ki, münasibətlər normala qayıdır. Əlavə edərdim ki, nəsə yanlış addım atan biz deyildik. Təəssüf, lakin biz başa düşürük ki, orada nəinki qərarvermə proseslərinə təsir göstərən, eyni zamanda, insanların beyninə təsir edən erməni icması var, güclü qruplar var. Fransa ilə münasibətlər bizim üçün həmişə önəmli olub, çünki Fransa dünyanın aparıcı ölkələrindən biridir. Həmçinin bizim üçün önəmli idi ki, öz vəziyyətimizi düzgün təqdim edək. Fransa ictimaiyyətinə göstərək ki, Azərbaycan ermənilərin bizi təqdim etdiyi kimi deyil. Biz onların Fransanın aparıcı media qurumlarındakı əlaqələrindən xəbərdarıq, bizə qarşı qərəzli məqalələr çap etdiklərini bilirik. Bu məqalələrin 95 faizi ermənilər və ya ermənipərəstlər tərəfindən yazılıb. Biz bunu başa düşürük, bu, böyük bir yenilik deyil.
Fransa Minsk qrupunun həmsədri kimi Azərbaycan üçün həmişə məqbul olub. Lakin təəssüf ki, torpaqlarımızın azad olunduğu müharibə zamanı, Fransa parlamentinin hər iki palatasının qondarma “Dağlıq Qarabağın” tanınması ilə bağlı qərarları da daxil olmaqla, lazım olmayan addımlar atılmışdır. Belə bir deyim var - “Roma Papasından daha çox katolik olmaq”. Hətta Ermənistan da “Dağlıq Qarabağı” tanımamışdı. Beləliklə, Senat və Nümayəndələr Palatası bu qərarı qəbul etdilər. Bu, çox kədərlidir. Mən bunun lehinə səs verənlərin kim olduğunu da yaxşı bilirəm. Bu, tamamilə qeyri-məhsuldar olub. Praktiki baxımdan bunun heç bir mənası yox idi, bu, Ermənistana dəstək baxımından da, bizi torpaqlarımızı azad etməkdən çəkindirmək baxımından da işləmədi. Sadəcə, lazımsız atmosfer yaratdı, hansı ki, hər iki hökumət dəyişməyə çalışırlar və mən düşünürəm ki, bunu uğurla edirlər. Mənim dekabrda, Brüsseldə Prezident Makronla yaxşı və uzun sürən görüşüm olmuşdu. Daha sonra biz telefonla ünsiyyətdə idik. Mən düşünürəm ki, biz bu səhifəni çevirməliyik və unutmalıyıq. Fransızlar bizim dostlarımızdır və dostlarımız kimi də qalacaqlar”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris