DÜNYA
Fransa qoşunlarını Malidən çıxarır
Paris, 17 fevral, AZƏRTAC
Hərbi sahədə strategiyasını və gizli məqsədlərini bölüşmədiyimiz hakimiyyət orqanlarının yanında qala bilmərik. Bu, bu gün Malidə üzləşdiyimiz vəziyyətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron avropalı və afrikalı həmkarları ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Fransa Prezidenti fransız hərbçilərin koordinasiya edilmiş formatda Malini 4-6 ay müddətində tərk edəcəklərini bəyan edib. E.Makron, həmçinin 2013-cü ildən Saheldə “azadlıq uğrunda” həlak olmuş 53 və 2020-ci ildə Nigerdə öldürülmüş 6 fransız əsgərinin xatirəsini yad edib.
“Afrika uğur qazanmasa, Avropa da uğursuzluğa düçar olacaq, millətçilik qalib gələcək, miqrasiya münaqişələri çoxalacaq. Qarşıdan gələn illərdə Afrika dünyanın digər ölkələrinə misilsiz töhfələr verə bilər”, - deyə E. Makron deyib.
Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqı və Afrika Birliyi münasibətlərinə dair sammit işə başlayacaq. İki gün davam edəcək sammitdə Afrika Birliyinin 55 ölkəsindən 44-nün rəhbəri Avropa İttifaqından olan həmkarları ilə birlikdə yeni tərəfdaşlığı müəyyən edəcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris