SİYASƏT
Fransa telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb VİDEO
Paris, 8 oktyabr, AZƏRTAC
Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirlərini ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev “RT France” televiziya kanalına müsahibəsində xatırladıb.
Diplomat bildirib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməyib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin tələbləri yerinə yetirilməlidir. Həmin qətnamələrin 1-ci müddəasında erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı bir nəfər də olsun erməni mənşəli sakinin olmadığı 7 rayondan tam, dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu tələblər yerinə yetirilməlidir. Azərbaycan mövqeyini dəyişməyib. Azərbaycan müzakirələrə hazırdır, ancaq, ilk növbədə, qətnamələrin baza tələbinə riayət olunmalıdır.
“Münaqişə ilə bağlı danışıqlar zamanı onun nəticəsi unudulur, ondan danışılmır. Hamı bilməlidir ki, münaqişə nəticəsində Azərbaycanın torpaqları işğal olunub. Atəşkəsdən danışmaq olar, ancaq bu gün Azərbaycan bütün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasına dair aydın və konkret vaxt cədvəli gözləyir. Eyni zamanda, bu məsələ ilə bağlı həmsədrlərin də təminatı olmalıdır. Yəni, həmsədrlər Ermənistan rəhbərliyinin ölkəsinin silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından tamamilə çıxmasına dair konkret vaxt cədvəlini imzalamalı və həmsədrlər tərəfindən bu təqvimin yoxlanılması, təsdiqlənməsi kimi zəmanət təmin edilməlidir”, - deyə R.Mustafayev vurğulayıb.
Qeyd edib ki, Ermənistanın baş nazirinin Türkiyənin ölkəmizə hərbi texnika, hərbi heyətlə dəstək verməsi haqqında iddiaları tamamilə səhvdir. Qardaş ölkənin Prezidenti R.T.Ərdoğan aydın şəkildə ölkəmizə mənəvi və siyasi dəstəyini ifadə edib. Türkiyə ilə əməkdaşlığımızdan danışan səfir dünyanın digər ölkələri ilə də eyni münasibətlərimizin olduğunu diqqətə çatdırıb. Əməkdaşlığımız beynəlxalq hüquq çərçivəsində aparılır. Türkiyənin ölkəmizə dəstəyi də beynəlxalq hüquq çərçivəsini aşmır.
“Ermənistan rəhbərliyi atıq anlayıb ki, Azərbaycanla güc məntiqi ilə danışmaq alınmır”, - deyən səfir yenidən baza tələblərə toxunub və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasından sonra regionun gələcəyindən danışmağın mümkünlüyünü bildirib.