DÜNYA
Fransada təxminən 3 min tibb işçisi koronavirus əleyhinə peyvənddən imtinaya görə işdən kənarlaşdırılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Fransada təxminən 3 min həkim, tibb bacısı və digər tibb işçisi COVID-19 əleyhinə peyvənddən imtina etdiyi üçün müvəqqəti olaraq işdən kənarlaşdırılıb.
AZƏRTAC Fransa KİV-lərinə istinadla bildirir ki, bu, ölkədə qəbul olunan və artıq qüvvəyə minən bütün tibbi personalın, yanğınsöndürənlərin və qocalar evlərində çalışanların mütləq peyvənd olunmalarını tələb edən Qanunun tətbiqindən sonra baş verib.
Fransanın həmrəylik və səhiyyə naziri Olivye Veran işdən çıxarılma hallarının müvəqqəti xarakter daşıdığını, həmin şəxslərin peyvənd olunduqdan sonra işə qayıdacaqlarını bildirib.
Qeyd edək ki, tibb işçilərinin işdən çıxarılması bəzi şəhərlərdə etirazlara səbəb olub. Məsələn, Nitsa şəhərində xəstəxanalardan birinin peyvənd olunmamış 450 əməkdaşı nümayiş keçirib. Nümayişlər zamanı 3 polis əməkdaşı yaralanıb, 96 nümayişçi saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib. Montelimarda həkim çatışmazlığı səbəbindən cərrahiyyə əməliyyatları təxirə salınıb.
Bundan əlavə, COVID-19-a qarşı peyvənd tələbi onlarla tibb işçisini istefa verməyə sövq edib.