CƏMİYYƏT


Fransalı mer: Azərbaycan bugünkü azadlığımıza, İkinci Dünya müharibəsində Qələbəmizə böyük töhfələr verib

Montoban, 25 sentyabr, AZƏRTAC

İkinci Dünya müharibəsi dövründə azərbaycanlı əsgərlərin də qoşulduğu Kabertat Partizan Hərəkatının Üçüncü Qusar Polkunun yerləşdiyi bu məkanda olanda həm kədərlənir, həm də qürur duyuruq. Ona görə kədərlənirik ki, Fransanın azadlığı uğrunda mübarizə aparan əsgərlər burada həlak olublar. Sevinirik ki, onlar bugünkü azadlığımızı bizə bəxş ediblər.

Bu fikirləri əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş tədbirdə iştirak edən Montoban şəhərinin meri Brijit Barej AZƏRTAC-a müsahibəsində söyləyib.

Mer bildirib ki, regionun azadlığı uğrunda döyüşən Əhmədiyyə Cəbrayılovun xatirəsi yerli sakinlər tərəfindən həmişə tutulur. Kabertat Partizan Hərəkatının Üçüncü Qusar Polkunun tərkibində döyüşmüş əsgərlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Montoban şəhərində muzey açılıb. Bu muzeydə azərbaycanlılar da daxil olmaqla, Üçüncü Qusar Polkunun bütün əsgərləri haqqında məlumatlar saxlanılır. Fransanın azadlığı uğrunda mübarizə aparan əsgərlərin, xüsusilə də azərbaycanlı döyüşçülərin unudulmaması üçün uşaqlar bu barədə məlumatlandırılmalıdırlar.

“Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin şücaəti haqqında məlumatlıyıq. Azərbaycan faşizm üzərində qələbəyə təkcə insan kapitalı ilə deyil, öz nefti ilə də töhfə verib. İkinci Dünya müharibəsində 300 mindən çox azərbaycanlı əsgər həlak olub. Azərbaycan müharibə zamanı istifadə olunan yanacağın 90 faizini təmin edib”, - deyə Brijit Barej bildirib.

O deyib: “Azərbaycan bugünkü azadlığımıza, İkinci Dünya müharibəsində qələbəmizə böyük töhfələr verib. Bunu unutmaq olmaz”.

Ölkələrimiz arasındakı münasibətlərə toxunan mer əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Montoban

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.